Masallıda “Xocalı gənclərin gözü ilə” adlı inşa-yazı müsabiqəsi
Masallıda “Xocalı gənclərin gözü ilə” adlı inşa-yazı müsabiqəsinə yekun vurulub.
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin, Masallı rayon Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş Masallı rayon ümumtəhsil məktəblərinin lX-Xl sinif şagirdləri arasında 26 fevral “Xocalı gənclərin gözü ilə” adlı “İnşa-yazı” müsabiqəsi keçirilib. Tədbirə başlamazdan əvvəl Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək iştirakçıları salamlamış və qeyd edib ki, Xocalı faciəsi Azərbaycan tarixində, xalqımızın yaddaşında dərin iz qoyub, 31 il ötməsinə baxmayaraq faciənin ağrı və acısı hələ də qəlbimizdə yaşayır və bu faciənin unudulmaması və tarixi həqiqətlərin gənc nəsillərə çatdırılması hər kəsin borcudur və hər birimiz üzərimizə düşən bu missiyanı layiqincə yerinə yetirməliyik. Müsabiqədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun metodisti Əkbər Mahmudov çıxış edərək dinc əhalinin kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin ən dəhşətli faciəsi kimi yaddaşlara əbədi olaraq qalmışdır. İnşa-yazı müsabiqəsinin sonunda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib və yekun nəticəyə əsasən: Ə.Bağırov adına Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin IX sinif şagirdi Nuriyeva Səbinə Soltan qızı birinci yerə, Masallı rayon B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbin IX sinif şagirdi Əliyeva Ülviyyə Xalid qızı ikinci yerə, Masallı şəhər R.Cəfərov adına 6 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədova Zeynəb Cəmil qızı üçüncü yerə və Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin IX sinif şagirdi İsmayılova Mərziyyə Habil qızı fərqləndiyinə görə diplomla təltif olunmuşdur. Müsabiqədə qalib gəlmiş bütün şagirdlər “Masallı Gənclər Evi” SXM-i və Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunmuşlar.