Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda yanğın təhlükəsizliyi mövzusunda maarifləndirici tədbir

22 may 2025 | 15:50

22 may 2025-ci il tarixində Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsi tərəfindən dənli və texniki bitkilərin yığımı dövründə, eyni zamanda meşə fondu ərazisində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qonaqları və tədbir iştirakçılarını salamlamış, sözügedən məsələ ilə bağlı Masallı Rayon İcra hakimiyyəti başçısının müvafiq sərəncamı barədə məlumat vermişdir. N.Bağırov sərəncama əsasən işçi qrupunun yaradıldığını, tədbirlər planının hazırlandığını, həmçinin bu barədə ərazi nümayəndələrinə, bələdiyyələrə və aidiyyəti qurumlara rəsmi müraciət ünvanladığını qeyd etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin dövlət yanğın nəzarəti şöbəsinin rəisi polkovnik-leytenant Samir Kərimov çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışmış, yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, kövşən sahələrinin yandırılmamasının, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyini vurğulamışdır. S.Kərimov eyni zamanda meşə, əkin və biçilmiş taxıl sahələrində baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini də qeyd etmişdir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır. 

Keçidlər