Masallıda “Yaşadırıq və Yaradırıq” adlı tədbir
02 dekabr 2024-cü il tarixdə Masallı rayon Tarix Diyarşünaslıq Muzeyində “3 Dekabr Beynəlxalq Əlillər Günü”nə həsr edilən “Yaşadırıq və Yaradırıq“ mövzusunda tədbir keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti, Tarix-Diyarşünaslıq Muzeyi, Masallı rayon Mərkəzi Kitabxana Sistemi, Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Masallı “Günərzi Qayğı Mərkəzi”nin dəstəyi ilə keçirilən tədbirdə təşkilatçı müəssisələrin nümayəndələri, ziyalılar, əlil şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar və valideynləri, mətbuat nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, həssas təbəqədən olan əhali qrupları, xüsusilə də sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri hər zaman diqqət mərkəzində saxlanılmalı olduğunu söylədi.
Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova çıxışında bildirdi ki, hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət, qayğı və həssaslıq tələb edir. Bunlar daim sosial və mənəvi qayğıya ehtiyacı olan əlillərdir. İstənilən halda bu insanlar cəmiyyətin ayrılmaz hissəsidir. Beynəlxalq Əlillər günü Azərbaycanda 1994-cü ildən qeyd olunur. İnsan amilini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını gücləndirmişdir. Hazırda bu istiqamətdə işlər onun siyasi kursunun layiqli davamçısı prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək”, deyən dövlət başçısının bu sözləri əlillərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. İnanırıq ki, bu böyük işlər gələcəkdə də uğurla davam etdiriləcəkdir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca əlillərin sosial problemləri tamamilə aradan qaldırılacaqdır.
Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Masallı rayon üzrə nümayəndəsi Salman Yunusov, “Yeni Həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının baş mütəxəssisi İntiqam Bağırov, Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov, qalereyanın direktor əvəzi Təhmasib Məcidov ölkədə həssas təbəqədən olan ailələrlə psixososial iş aparmaqla yanaşı xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların ailə üzvlərinin cəmiyyətə inteqrasiyası məqsədilə onlarla aktiv, ünsiyyət və incəsənət terapiyaları, psixoloji konsultasiya xidmətlərinə cəlb edilməsi, əlillik probleminin erkən yaşda aşkarlanması, sağlamlıq imkanları məhdud olan şəxslərə, onların ailələrinə diqqət və qayğının artırılması, problemlərinin həllinə cəmiyyətin diqqətinin cəlb olunması məqsədilə aidiyyati qurum və təşkilatlarla əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilməsi ilə əlaqədar görülən işlərdən danışdılar.
Tədbirdə iştirak edən fiziki qüsurlu uşaqların valideynləri bu gün ölkəmizdə sağlamlıq məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısından danışaraq onlara göstərilən diqqətə görə təşəkkürlərini ifadə etdilər.
Yekunda sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə hədiyyələr paylanıldı.
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr edilən “Yaşadırıq və Yaradırıq“ adlı tədbir fiziki məhdudiyyətli Sədaqət Məhərrəmova, Fidan Şahverdiyeva, İbrahim İmanov, Çinar Hüseynzadənin əl işlərindən ibarət sargi-satışa baxış keçiilməsi ilə yekunlaşdı.