Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi
Masallıda tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun anadan olmasının 65 illiyi qeyd olundu.
Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, elm, mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Əvvəlcə Masallı şəhər Qəhrəmanlar parkında Şəhidlər abidə-kompleksi və Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzüldü.
Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağacəfər Həsənli açdı.
Sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənildi.
Nurəddin Ədiloğlunu vətənpərvər yazar, müasir oxucunu düşündürə bilən bacarıqlı söz sahibi kimi xarakterizə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubilyarı təbrik edib, ona uzun ömür, cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzuladı.
İstedadlı qələm sahibi, sözünün və xarakterinin bütövlüyü ilə seçilən Nurəddin Ədiloğlunun jurnalistika və ədəbiyyat sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, yazıçı və şairlərdən Bilal Alarlı, Meyxoş Abdulla, Mahir Cavadlı, Balayar Sadiq, jurnalistlərdən İlqar Əhmədov, Zahir Əmənov, şərqşünas Əli Rzazadə və başqaları yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından danışıb, xatirələrini bölüşdülər.
Tədbir iştirakçıları N.Ədiloğunu təbrik edərək ona xoş arzularını diləyib, hədiyyələr təqdim etdilər.
Yubilyar Nurəddin Ədiloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.