Masallıda yeni aqroturizm təsərrüfatları yaradılıb
08 dekabr 2023 | 16:16
Təsərrüfatların yaradılması Dövlət Turzim Agentliyinin qrant müsabiqəsi çərçivəsində maliyyələşən “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsi çərçivəsində gerçəkləşib.
Layihə çərçivəsində kənd təsərrüfatı sahibkarları üçün aqroturizm biznesinin qurulması və biznes planın hazırlanması təlimləri təşkil olunub. Daha sonra aqroturizm potensiallı sahibkarlar biznes plan hazırlayaraq layihəyə təqdim ediblər.
Ekspertlərin və layihə komandasının rəyinə əsasən 3 aqroturizm təsərrüfatı seçilib. Belə ki, Obal, Uğur və Seyrəngah Aqroturizm Təsərrüfatları yaradılıb və təkmilləşdirilib.
Təsərrüfatlar Masallı rayonunun Ərkivan qəsəbəsində, Tüklə kəndində yerləşir.
Yaradılan aqroturizm təsərrüfatlarına layihə çərçivəsində turizmin təşkili üçün mal-material dəstəyi göstərilib. Hər təsərrüfat üçün xüsusi marketinq planı və tanıtım çarxları çəkilib. Bundan başqa yaradılan təsərrüfatların tanıdılması ilə bağlı turizm şirkətlərinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri və digər şəxslərin iştirak etdiyi infotur təşkil edilib.
Qeyd edək ki, layihənin məqsədi Masallı rayonunda kənd təsərrüfatı və turizm sektorlarını birgə fəaliyyətə cəlb edərək, aqroturizm təsərrüfatları yaradıb sahibkarlığın təşviqi və iş yerlərinin yaradılmasını sürətləndirməkdir.