Masallıda yeni meyvə bağları salınır
Rayonda, ümumilikdə, 120 hektar meyvə bağı mövcuddur. Onun 7 hektarı yeni salınıb ki, bunun da 5 hektarını alça, 2 hektarını gilas ağacları təşkil edir. Türkiyədən gətirilən meyvə ağaclarının sayı 5 mindən çoxdur və məhsuldarlığı yüksəkdir. İlkin olaraq bu il bağlardan 4 tona yaxın məhsul toplanması proqnozlaşdırılır.
Təsərrüfatında 2017-ci ildə fındıq tingləri əkən Ruhin İsmayılov deyib ki, ağacları Xaçmazdan gətirib: “Gördük ki, torpaq münbitdir, burada əkib-becərmək əlverişlidir. 7 hektar sahədə bağ salmaq qərarına gəldik. Bağımız intensiv bağdır. Burada əkdiyimiz ağaclar sertifikatla gətirdiyimiz tinglərdir. Bu il bağımızda meyvə ağaclarının ilk dərimi, nübarı olacaq”.
Meyvəçilik üçün dövlət tərəfindən subsidiyaların verilməsi, rayonun iqlim şəraitinin əlverişli olması fermerləri bu sahəyə həvəsləndirən əsas amillərdəndir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Nazim Şahbazovun sözlərinə görə, hazırda bağlarda becərmə işləri gedir. “Aqrotexniki qulluqlar edilib, dərmanlama aparılıb. Bu il meyvə bağı salınmasına fermerlər tərəfindən böyük həvəs göstərilir. Onlara subsidiya da verilib. Bağ sahibləri bu subsidiyadan faydalanaraq, gübrə və dərmanlar alır, bağlarında istifadə edirlər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Masallı rayonunda alça, gilas, armud və üzüm bağlarından əlavə, bu il 32 hektarda sitrus bağları da salınıb.