Masallıda “Yerin təkindən istifadə olunması, mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi” mövzusunda tədbir
Rayon İcra Hakimiyyətinin inzibati binasında yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 11.07.2018-ci il tarixli 205 nömrəli Fərmanının 6.1-ci tapşırığının (öz fəaliyyət istiqamətlərinə uyğun olaraq, ölkədə faydalı qazıntıların çıxarılması ilə məşğul olan, bu sahədə fəaliyyət göstərən və fəaliyyəti dayandırılmış fiziki və hüquqi şəxslərin, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etsinlər) icrası ilə bağlı 11.12.2023-cü il tarixdə Rayon İcra hakimiyyəti, rayon Polis şöbəsi, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Viləşçay Su Anbarı İstismarı İdarəsi, Masallı şəhər bələdiyyəsi, Qəriblər bələdiyyəsi, eyni zamanda hazırda “Viləşçay” qum çınqıl yatağından qanunamüvafiq qaydada istifadə edən (4.0 hektar) 47 saylı Yol İstismarı MMC və (5.0 hektar) Masallı rayonunda fəaliyyət göstərən “Sirr-M” MMC-nin əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qeyd etmişdir ki, yerin təkindən faydalı qazıntıların çıxarılması məqsədi ilə əlaqədar Masallı rayonu ərazisində yerləşən və ehtiyatı müvafiq qaydada təsdiq edilmiş torpaq sahələri mövcuddur. Hazırda “Viləşçay” qum çınqıl yatağından qanunamüvafiq qaydada (4.0 hektar) 47 saylı Yol İstismarı MMC və (5.0 hektar) Masallı rayonunda fəaliyyət göstərən “Sirr-M” MMC istifadə edirlər. Onlara mineral xammal bazasının qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, xammal tələbatının ödənilməsi, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin, təbii landşaftın mühafizəsi və görülən işlərin səmərəliliyinin artırılması üçün qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunmasının vacibliyi bir daha diqqətə çatdırılmış və sözügedən məsələnin Masallı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən nəzarətdə saxlanıldığı bildirilmişdir.