Masallıda “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir
28.02.2025-ci il tarixində Masallı Dövlət Regional Kollecində Masallı Rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kolleci və Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi – psixoloqu Aybəniz Novruzova, Masallı Dövlət Regional Kollecinin psixoloqu Ülkər Əliyeva, Uşaq Səfirlər Məclisin regional nümayəndəsi Turan Əlisoy və Masallı Rayon Polis Şöbəsinin baş serjantı Amil Yunusov çıxış etmişlər.
Natiqlər yol hərəkəti qaydalarının uşaq və yeniyetmələr arasında izah edilməsində valideynlərin və təhsil müəssisələrinin rolundan geniş söhbət açmışlar. Həmçinin həssas yol istifadəçiləri olan piyada, velosipedçi və motosikletçilər tərəfindən yol qəzalarının qarşısını alınması məqsədilə tədbir iştirakçılarına məsləhət və tövsiyələr verilmişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.