Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zərifə Əliyeva: “Nurlu ömür yolu” mövzusunda konfrans

29 aprel 2025 | 10:56

Masallı rayon İcra Hakimiyyəti, Masallı rayon Mərkəzi Xəstəxanası,  Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilkatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Nurlu ömür yolu” mövzusunda konfrans keçirilib.

Masallı rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs olunan videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Zərifə xanım Əliyeva həmişə özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşadıb: “Bununla yanaşı, Zərifə xanım qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və yüksək mənəviyyat sahibi olub. Ümummilli Lider Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini hər zaman yüksək dəyərləndirib. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.

Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimi Gülnarə Məmmədova görkəmli alimin həyat və fəaliyyətindən söz açaraq bildirib ki, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın elmi araşdırmaları, eləcə də qazandığı uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur: “Onun keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilib”.

Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova, Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu çıxış edərək bildiriblər ki, Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Vurğulanıb ki, Zərifə xanımın zəngin irsi, apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir.

Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Cahan Mustafayeva, həkim-pediatoru Məhəmməd İbayev və başqaları akademik Zərifə Əliyevanın mənalı ömrü və parlaq fəaliyyəti ilə bağlı müxtəlif mövzularda çıxış edib, görkəmli alimin elmi irsindən indiki və gələcək nəsillərin, xüsusilə də Azərbaycan gənclərinin hər zaman lazımınca bəhrələnəcəyini bildiriblər.

Keçidlər