Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Zərifə Əliyevanın anadan olmasının 103 illiyi ilə əlaqədar “Həyat yolu örnək olan fədakar qadın” mövzusunda tədbir

25 aprel 2026 | 16:30
25 aprel 2026-cı il tarixində saat 09:30-da Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati binasında Masallı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyi ilə əlaqədar “Həyat yolu örnək olan fədakar qadın” mövzusunda tədbir keçirilmişdir.
Masallı rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbiri giriş nitqi ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev qeyd edib ki, Zərifə xanım Əliyeva öz yüksək mənəvi keyfiyyətləri və nəcib davranışı ilə Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini daim yaşadıb və təbliğ edib. O vurğulayıb ki, Zərifə xanım yalnız görkəmli alim və ziyalı kimi deyil, həm də mərhəmətli ana, sədaqətli həyat yoldaşı və cəmiyyətə örnək olan bir şəxsiyyət kimi yadda qalıb.
Seyfəddin Əliyev əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətində qazandığı uğurlarda Zərifə xanımın mənəvi dəstəyi, diqqəti və qayğısı mühüm rol oynayıb. Onun sözlərinə görə, bu iki görkəmli insanın qurduğu ailə modeli qarşılıqlı hörmət, sevgi və anlayış üzərində qurularaq cəmiyyət üçün əsl nümunəyə çevrilib.
Eyni zamanda qeyd olunub ki, Zərifə xanım Əliyevanın zəngin irsi, humanist dəyərləri və insanlara olan səmimi münasibəti bu gün də hər kəs üçün örnəkdir və gələcək nəsillər tərəfindən böyük ehtiramla yad edilir.
Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimi Gülnarə Məmmədova çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva tibb elminə verdiyi töhfələrlə yalnız öz dövrünün deyil, bu günün də həkimləri üçün örnək sayılır. O bildirib ki, sadə həkimlik fəaliyyətindən başlayaraq böyük elmi nailiyyətlərə imza atan Zərifə xanımın araşdırmaları və əldə etdiyi nəticələr Azərbaycan oftalmologiyasının inkişafında mühüm rol oynayıb.
Gülnarə Məmmədova vurğulayıb ki, onun zəhməti, elmə bağlılığı və insanlara olan həssas münasibəti hər bir tibb işçisi üçün nümunədir. Qeyd olunub ki, Zərifə xanımın həyat yolu yalnız peşəkar uğurlarla deyil, həm də yüksək mənəvi dəyərlərlə zəngin olub və bu xüsusiyyətlər onu cəmiyyətin yaddaşında daim yaşadan əsas amillərdəndir. O, əlavə edib ki, bu böyük şəxsiyyətin çoxşaxəli fəaliyyəti və elmi irsi bu gün də dərin hörmətlə anılır, gələcək nəsillər üçün isə qiymətli bir məktəb rolunu oynayır.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi Aybəniz Novruzova çıxışında vurğulayıb ki, Zərifə xanım Əliyevanın həyat yolu bugünkü gənclər üçün böyük motivasiya mənbəyidir. O bildirib ki, belə görkəmli şəxsiyyətlərin fəaliyyəti gənclərdə elmə marağın artmasına, vətənə bağlılıq hissinin güclənməsinə və yüksək məqsədlər uğrunda çalışmağa stimul verir. Gənc çıxışçı vurğulayıb ki, Zərifə xanımın qazandığı uğurlar göstərir ki, zəhmət, əzm və bilik hər zaman insanı zirvəyə aparır.
Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramiz oğlu isə çıxışında qeyd edib ki, Zərifə xanım Əliyeva tibb sahəsində yaratdığı elmi məktəblə bir çox peşəkar həkimlərin formalaşmasına zəmin yaradıb. O bildirib ki, onun oftalmologiya sahəsində apardığı tədqiqatlar və tətbiq etdiyi yeniliklər bu sahənin inkişafında mühüm mərhələ təşkil edib. Direktor əlavə edib ki, bu gün tibb işçiləri Zərifə xanımın zəngin elmi irsindən bəhrələnərək onun yolunu layiqincə davam etdirməyə çalışırlar.
Keçidlər