Masallıda Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub
Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova görkəmli oftalmoloq, gözəl insan, vəfalı ömür-gün yoldaşı, fitri istedada malik novator alim Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib. A.Qafarova qeyd edib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademiki Averbax adına yüksək mükafata layiq görülən ilk qadın alim idi...
Masallı Rayon Mərkəzi Xəstəxanasının oftalmoloq-həkimi Gülnarə Məmmədova məruzə ilə çıxış edərək bildirib ki, Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvanda, Şərur rayonun Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının keçdiyi qeyri-adi həyat yolu Zərifə xanım üçün tarixin bir hissəsi olmuşdur. Zərifə Əliyeva üçün insan, vətəndaş və alim anlayışları bölünməz bir vəhdət təşkil edirdi. Z.Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq bir səhifəsini təşkil edir. Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva oftalmologiyanın aktual problemlərinə həsr olunmuş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxoma xəstəliyinin müalicəsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar aparmışdır. Alimin bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun bir sıra monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Məruzə ətrafında çıxışlarda Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, "Tərəqqi" medallı veteran jurnalist Əyyub Mehdiyev, Milli Oftolmologiya Mərkəzi Masallı rayon filialının oftolmoloqu Orxan Güllərov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları ideal qadın və əsl Azərbaycan xanımı obrazı olan Zərifə Əliyeva simasının, keçdiyi zəngin həyat yolundan, onun pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb. Onun həyat yolunun gənc xanımların həyatının formalaşması baxımından parlaq nümunə olduğunu bildirib, görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə Əliyevanı humanist şəxsiyyət, əsl ziyalı və qayğıkeş ana, pak və nəcib insan kimi dəyərləndirmişlər.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri bədii kompozisiya təqdim ediblər. Həmçinin tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeirlər səsləndirilib.
Masallı Regional Mədəniyyət İdarəsinin istedadlı gənc müğənnilərinin ifasında səslənən ana və sevgi mahnıları tədbir iştirakçılarında xoş ovqat yaradıb...