Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar tədbir keçirilib
30 iyul 2022-ci il tarixdə Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Rayon İcra hakimiyyətinin geniş akt zalında təşkil olunan yığıncağa rayon rəsmiləri, hüquq-mühafizə orqanları, idarə və müəssisə, dini icma rəhbərləri, ağsaqqal və ziyalılar, ərazi nümayəndələri, bələdiyyə sədrləri, ictimaiyyət və media nümayəndələri toplaşıb.
İlk öncə tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov bildirib ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində ölkəmizin inkişafına böyük töhfə verib. Rayon rəhbəri ölkəmizin hər yerində olduğu kimi Masallıda da məhərrəm ayı ilə əlaqədar dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradıldığını vurğulayıb: ”Sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəm ayı ərzində ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalı, moizə və xütbələrdə Vətən təəssübü, milli və dövlət mənafelərimiz uca tutulmalıdır...”
Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizlik Xidməti Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov, Banbaşı kənd məscidinin imamı Əzim Əzimov və başqaları İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə, məhərrəmlik mərasimlərində hər kəsi QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etməyi tövsiyə edib, zəncir vurub baş yarmağın, bədənə əziyyət verməyin dində bəyənilmədiyini, bunun əvəzinə qanvermə aksiyalarında fəal iştirak etməyin daha humanist hərəkət olduğunu bildiriblər.
Çıxışlarda məhərrəmlik təziyəsinin islami dəyərlərə uyğun keçirilməsi ilə bağlı müsbət fikirlər səsləndirilib, mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.