Masallıdan Türkiyəyə sonuncu “Qardaş Yardımı” yola salındı
Qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara Masallı rayonundan yola salınan sayca 4-cü iri tutumlu yük maşını artıq yola düşmüşdür.
Bildiririk ki, zəlzələnin ilk günündən etibarən Masallı rayonunda “Qardaş Yardımı” kampaniyasına start verilmiş, rayonun ziyalıları, ağsaqqalları, pensiyaçıları, təqaüdçüləri, idarə-müəssisə, təşkilatlarda çalışanlar, bir sözlə rayonun bütün zümrələrindən olan vətəndaşlar Masallı şəhər və Ərkivan qəsəbəsində yaradılmış yardım toplama məntəqələrinə gələrək əllərindən gələn yardımları etməyə çalışmışlar.
Qeyd edək ki, Masallıdan qardaş Türkiyə Respublikasına birinci yardım maşını 86.000 manat, ikinci yardım maşını 101.000 manat, üçüncü yardım maşını 95.000 manat, dördüncü yardım maşını isə 146.000 manat dəyərində olmaqla isti geyimlər, yorğan, döşək, uşaq bezləri, xalçalar, elektrik və odun sobaları, generatorlar, ərzaqlar, siqaret və digər gündəlik tələbatlar bir mərkəzdə toplanaraq yola salınmışdır.
Belə ki, Masallı Xəbərləri informasiya portalının təsisçisi, baş redaktor Rauf Cəbiyev və iş adamı Ruslan Bağışovun təşkilatçılığı ilə yaradılmış məntəqədə toplanan bütün yardımların Türkiyə Respublikasına təmənnasız daşınmasını Abdulla Abdullayevin rəhbərliyi ilə “Ərkivan Transport” şirkəti həyata keçirmişdir.
Masallı rayon İcra Hakimiyyəti olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin başlatdığı Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün “Qardaş Yardımı” kampaniyasına qoşulan təşkilatçılara, maddi, mənəvi dəstək olanlara, yardımların toplanmasında, çeşidlənməsində, qablaşdırılmasında, yüklənməsində zəhmət çəkənlərə və bütün əziyyəti olanlara dərin minnətdarlığımızı bildiririk.