MASALLILI SAHİBKARLARLA GÖRÜŞ
22 iyun 2022-ci il tarixdə Qəriblər kəndi ərazisində yerləşən «Viləş» oteldə Masallıdan olan sahibkarlarla görüş keçirilmişdir.
Görüşdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Masallılı sahibkarların müraciəti əsasında təşkil olunan ğörüşü giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən layihə və islahatlardan danışmış, sahibkarların fəaliyyətinə daimi diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd etmişdir. Bildirmişdir ki, Masallının sənaye, kənd təsərrüfatı və turizm mərkəzi kimi inkişaf etməsi üçün ölkə rəhbəri cənab İlham Əliyev hər cür dəstək göstərir. Odur ki, qanun çərçivəsində fəaliyyəti artırmaq üçün sahibkarlara bundan sonra da hər cür yardım göstəriləcəkdir. Masallını ölkənin ən inkişaf etmiş rayonları sırasında görmək üçün abadlıq, tikinti və quruculuq işlərini daha geniş miqyasda aparılacağını bildirən rayon rəhbəri, sahibkarlığın inkişafının həm yeni iş yerlərinin açılması, həm də rayonumuzun inkişafı demək olduğunu vurğulamışdır. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi məqsədəuyğun hesab etdiyini bildirən icra başçısı birgə fəaliyyətlə rayonumuzun inkişafında daha böyük uğurlara nail olunacağını qeyd etmişdir.
Əlbəttə, rayon rəhbəri daha fəal, gənc sahibkar və iş adamlarının nümunəvi işini də ön plana çəkmiş, ad və soyadlarını vurğulamış, onların Vətən müharibəsi dövründə döyüşçülərin ailələrinin zəruri ərzaqla təmin edilməsini, pandemiya dövründə gördükləri yaxşı işləri, şəhər, qəsəbə və kəndlərimizdə həyata keçirdikləri tikinti-abadlıq işlərini bir daha diqqətə çatdırmış və davamlılığını qeyd etmişdir.
Görüşdə çıxış edən sahibkarlar bildirmişlər ki, son vaxtlar Masallı rayonunda həyatın bütün sahələrində əsaslı yüksəliş hiss olunur, dinamik inkişaf özünü hər addımda göstərir. Əsası odur ki, adamların əhval-ruhiyyəsi yüksəlmiş, təşəbbüskar və yaradıcı mühit formalaşmış və sağlam mənəvi-psixoloji ab-hava vardır. Azad sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, bu sahədə yaradılmış münbit və əlverişli şərait, əsassız yoxlamaların, süni maneələrin aradan qaldırılması istiqamətində həyata keçirilən əsaslı və ardıcıl tədbirlər xüsusilə diqqəti cəlb edir.
Çıxışçılar həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən 230 minə yaxın əhalinin yaşadığı Masallıda münbit əlverişli və şəffaf şəraitin olduğunu vurğuladılar. Masallılı sahibkarlar hər işdə öncül və nümunəvidirlər. İş adamları, fermerlər yaradılmış azad, sərbəst və münbit şərait üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirdilər, bütün imkan və səylərini iqtisadiyyatımızın daha da genişləndirilməsinə yönəldəcəklərini bəyan etmişlər.