Masallının Çaxırlı kəndində şəhidin doğum günü yeni evində qeyd olundu
30 avqust 2023-cü il tarixdə Masallının rayonunun Çaxırlı kəndində 44 günlük Vətən müharibəsi şəhidi, çavuş Namiq Nurəddin oğlu Bağırovun doğum günü yeni tikilən fərdi yaşayış evində qeyd olundu.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanları rəhbərləri, şəhid yaxınları, kənd sakinləri və mətbuat nümayəndələri iştirak ediblər.
Şəhidin doğum günü ilə əlaqədar çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, 2020-ci ilin sentyabrın 27-i tarixi günündə rəşadətli Azərbaycan Ordusu əks hücuma keçərək işğal altında olan torpaqlarımızı azad etdi. Son 200 il ərzində ilk dəfə olaraq ermənilərlə olan münaqişə Qələbə ilə başa çatdı. Vətən müharibəsi günlərində dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev özünü dahi ictimai-siyasi xadimdən əlavə həm də bacarıqlı sərkərdə kimi nümayiş etdirdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə düşmən üzərində şanlı Qələbə çalındı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. Qazanılan şanlı Qələbə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin dahi intellekti və müdrik siyasəti sayəsində əldə olundu.
Bildirildi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan şanlı Qələbədə Ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığı xüsusi qeyd edilməlidir. Biz döyüşlərdə şəhid olmuş soydaşlarımızın ruhu qarşısında baş əyir, onlara uca Allahdan rəhmət diləyirik. Qədirbilən xalqımız onları heç vaxt yaddan çıxarmayacaq. Eyni zamanda, qanlı döyüşlərdə yaralanıb qazi olmuş vətəndaşlarımız da vardır. Dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrin və qazilərin yanındadır. Onların problemlərinin həlli istiqamətində böyük işlər görülür. Vətən müharibəsi şəhidi Namiq Nurəddin oğlu Bağırovun ailəsi üçün tikilib bu gün istifadəyə verilən yeni yaşayış evi də həmin işlərin bariz nümunəsidir.
Şəhid atası Nurəddin Bağırov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Kamandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və tədbirdə iştirkına görə gələn bütün qonaqlara minnətdarlığını ifadə etdi.