Masallının Xıl kəndində şəhidlər abidə kompleksinin açılışı
10 oktyabr 2022-ci il tyarixdə Xıl kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Masallı Rayon Təşkilatının sədri, rayon ağsaqqallar şurasının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət, KİV nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Xıl kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Xıl kəndi Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlər verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.
Rayon rəhbəri Araz Əhmədov 44 günlük müharibə dövründə Vətən uğrunda canından keçmiş Masalılı şəhidlərdən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən, Masallı camaatı arasında daim uca tutulur, ehtiramla anılır. İcra başçısı vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad edilib. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər Gününü Azərbaycan tarixinə yazıb.
Daha sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseyovun qızı Aytən Hüseynova, "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medallı şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev, Viləş kəndindən Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova, Milli Qəhrəman Elşad Hüseyovun qardaşı Əliqadir Eynullayev və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən uğrunda göstərdikləri igidliklərindən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar.
Tədbirin sonunda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi "Vətən oğlu" adlı poemasından parçalar söyləyiblər.