Məktəblilər arasında intellektual bilik yarışması
Masallı Tarix -Diyarşünaslıq Muzeyində 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş məktəblilər arasında intellektual bilik yarışması təşkil edilib.
İntellektual bilik yarışında Masallı şəhər 2,3 saylı tam orta məktəbləri, Ərkivan qəsəbə 1,2 saylı tam orta məktəbləri, Hişkədərə, Bədəlan, Mahmudavar, Yeddioymaq və Banbaşı kənd tam orta məktəblərinin 10- cu sinif şagirdləri mübarizə aparıblar. Hər birində 5 şagird olmaqla, 9 məktəb komandası birincilik uğrunda mübarizə apardılar. Yarış 3 turdan ibarət olub.
İlk öncə vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bilik yarışında iştirakçı olan ümumtəhsil məktəb komandaları qaydalarla tanış edildikdən sonra oyuna start verilib.
Yarışma muzey əməkdaşları tərəfindən hazırlanmış Azərbaycan tarixi, bölgəmizin mədəniyyəti , dünya və Azərbaycan muzeyləri mövzusunda suallar əsasında aparılıb. Hər turda 10 suala 10 dəqiqə vaxt verməklə komandaların yazılı şəkildə verdikləri cavablar Masallı Tarix -Diyarşünaslıq Muzeyin direktoru Əntiqə Tağıyeva, elmi işçi Dilgüşə Məmmədova, Masallı Regional Mədəniyyət İdarəsi nümayəndəsi Həbib Ağayev, Masallı rayon Təhsil sektorunun metodisti Vəli Ağayevdən ibarət münsiflər heyəti tərəfindən yoxlanılaraq, qiymətləndirilib.
Məktəblər arasında gedən gərgin və maraqlı 3 əsas və 1 əlavə tur oyun nəticələrinin yekunu olaraq 1-ci yer E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbi, 2-ci yer isə Mahmudavar kənd tam orta məktəbin komandasının qələbəsi ilə yekunlaşdı.
İntellektual yarışın I və II yerin qalibləri Fəxri-Fərmanla, digər məktəbin şagirdləri yarışda iştirak etdiklərinə görə Təşəkkürnamə və hədiyyələrlə təltif edilib.
Tədbir iştirakçıları sonunda xatirə şəkillər çəkdilər.