Milli Mədəniyyətimiz Heydər Əliyev ideyalarından güc alır
Martın 2-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Heydər Əliyev ili” çərçivəsində “Milli Mədəniyyətimiz Heydər Əliyevin ideyalarından güc alır” mövzusunda tədbir keçirildi. Tədbirdə mədəniyyət nümayəndələri iştirak etdi.
Əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva Ulu öndərimiz Azərbaycanın bütün sahələri üzrə dinamik inkişafa qədəm qoymaqla yanaşı, milli mədəniyyətimizin daha yüksək zirvələr fəth etməsi üçün də möhkəm zəmin yaratdığından danışdı.
Sonra Masallı Mərkəzi Kitabxananın direktoru Zamin Məmmədov, Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov, Şərəfə kənd klub rəhbəri Dürdanə Hüseynova, Banbaşı kənd kitabxanasının əməkdaşı Əsmər Əliyeva çıxış edərək Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəmədiyini xüsusi qeyd etdilər. Mədəniyyət işçiləri Heydər Əliyev irsini öyrənib, təbliğ etməklə yanaşı Azərbaycanın inkişafı üçün məhz belə dahilərin təməlini qoyduqları ideyaların davamçıları olmağın zəruriliyindən geniş danışdılar. Həmçinin mədəniyyət sahəsindəki təşkilatların birgə əməkdaşlığının vacibliyini müzakirə edərək rayon ziyalılarının, mütəfəkkirlərin, yazarların, sənətkarların, şəhidlərin və ümumən tanınmış şəxsiyyətlərin yad edilməsi, üzə çıxarılması, təbliğ edilməsi üçün yeni layihəyə start vermiş oldular.
Tədbirin sonunda mədəniyyət nümayəndələri xatirə şəkilləri çəkdilər.