Şriftin ölçüsü :

Saytın rəngi :

“Milli Qurtuluş: İnkişaf və Zəfər”

14 iyun 2022 | 16:57

  Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 15 iyun “Milli Qurtuluş Günü” ilə əlaqədar YAP Masallı rayon təşkilatı aparatında şəhid ailələri, qazilər, müharibə veteranları və partiya veteranlarının iştirakı ilə “Milli Qurtuluş: İnkişaf və Zəfər”  mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.   

Seyfəddin Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında geniş məlumat vermiş və bildirmişdir ki, düz 29 il bundan öncə xalqımızın Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə Qayıdışı ilə müstəqilliyimizi qoruyub saxladı və inkişaf etdirilməsinə nail oldu. Artıq ikinci ildir ki, bu tarixi Qurtuluş Gününü ərazi bütövlüyünü bərpa etmiş, qalib dövlət kimi qeyd edirik. 15 iyun Milli Qurtuluş Günü ilə bağlı Milli Məclisin tarixi qərarından bir məqama diqqət çəkən Seyfəddin Əliyev qeyd etdi ki, 15 iyun - Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi”.

Bəli, Milli Məclisin həmin tarixi qərarında deyildiyi kimi, Heydər Əliyev Azərbaycanı, Azərbaycan xalqını məhv olmaqdan qurtarmaq üçün “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” dedi. Bu çətin, ağır bir mərhələ Azərbaycanın bir dövlət kimi, azərbaycanlıların isə bir xalq kimi gələcək mövcudluğu məsələsinin həlli mərhələsi idi. 1991-ci ildən başlayaraq 1993-cü ilin iyun ayına qədər ölkədə hakimiyyətsizlik, başıpozuqluq, hərc-mərclik mövcud idi. Azərbaycanın müxtəlif bölgələrində xarici dövlətlərin marağı ilə təkan verilən separatçılıq əhvali-ruhiyyəsi güclənir, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verir, Azərbaycan xalqı torpaqlarımız uğrunda Ermənistan silahlı birləşmələri ilə özünümüdafiə səviyyəsində döyüşürdü. Hər addımda ölkədə qanun pozuntusu və cinayət törədilməsi adi hal alır, iqtisadiyyat dağılır və talan edilir, elm, təhsil və mədəniyyət tamamilə diqqətdən kənarda qalırdı. Bir sözlə, Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə bir tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. Yaranmış xaos və özbaşınalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi, 1993-cü il iyun ayının 9-da Bakıya gəldi. Dahi Öndər Heydər Əliyevin həmin gün Bakıya dönüşü adi dönüş deyildi. Bu, bir xilaskarın gəlişi idi.

Seyfəddin Əliyev qeyd etdi ki, Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyət daşıyan Milli Qurtuluş Günü elə gündür ki, ölkəmizin gələcək həyatını, müqəddəratını müəyyən edib, deyərdim ki, yeni, müstəqil dövlətçiliyimizin bünövrəsi, əsası məhz bu gün qoyulub. Şanlı müstəqillik tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü hər bir azərbaycanlının qürur, iftixar mənbəyidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl xilas, qurtuluş tarixidir.

Tədbirdə iştirak edən şəhid atası Teymur Hüseynov çıxış edərək qeyd etdi ki, tarixə nəzər salsaq görərik ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Şəhid atası qeyd edib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən 19 ildə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı.  

            Sonra Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, Vətən müharibəsi veteranı Rza Məmmədov, partiya veteranı Ərəstun Əbilov, Ərəstun Əliyev və  başqaları çıxışlarında xalqın tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, Ümummilli Liderin dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısının alınması istiqamətindəki addımlarından ətraflı danışılıb.

Keçidlər