“Muzeylər bu günümüz, sabahımızdır”
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 18 may “Beynəlxalq Muzeylər Günü”nə həsr olunmuş “Muzeylər bu günümüz, sabahımızdır” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Lənkəran, Astara, Cəlilabad, Yardımlı Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin (GİKM) könüllüləri iştirak edib.
Konfransda ilk öncə Vətən müharibəsi şəhidlərinin və muzey sahəsində çalışan, vəfat etmiş şəxslərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva 18 may “ Beynəlxalq Muzeylər Günü”nün mahiyyətindən və mədəni irsimizin qorunmasında muzeylərin rolundan bəhs edib.
Konfransda çıxış edən Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin metodisti Ceyhun Bəşirov qeyd edib ki, ölkəmizdə muzey işinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, həmçinin ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Sonra Masallı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi Dilgüşə Məmmədova “Muzeylərin gücü-keçmişimiz və gələcəyimiz” mövzusunda məruzə edib.
Konfransda Yardımlı Tarix-Diyarşünaslıq Muzeyin direktoru Əli İsgəndərov “Muzeylər və dəyərlər”, Astara Tarix-Diyarşünaslıq Muzeyin direktoru Gülzar İsmayılova “Muzeylər toplayır , yaşadır və təbliğ edir”, Lənkəran Tarix -Diyarşünaslıq Muzeyin direktoru Ülviyyə Əliyeva “Regionlarda Tarix-Diyarşünaslıq Muzeylərin yaranma tarixi”, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyin direktoru Çimnaz Qasımova “Muzeylərə baxış “ mövzusunda çıxış ediblər.
Yekunda xatirə şəkli çəkilib və konfrans iştirakçıları Masallı Tarix-Diyarşünaslıq Muzeyindəki eksponatlarla tanış olublar.