Şriftin ölçüsü :

Saytın rəngi :

“Muzeylər dayanıqlılıq və rifahdır” mövzusunda bayram tədbiri

19 may 2023 | 15:15

Masallı Tarix-Diyarşünaslıq Muzeyində 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər dayanıqlılıq və rifahdır” mövzusunda bayram tədbiri keçirildi. Tədbirdə ziyalılar, mədəniyyət işçiləri, müəllim və şagirdlər iştirak etdilər.
Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyev və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra muzeyin direktoru Əntiqə Tağıyeva Beynəlxalq və respublika muzeyləri haqqında geniş danışdı.
Sonra tədbirdə iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov, Masallı Xəbərləri (MİP) informasiya saytının rəhbəri Rauf Cəbiyev, Asiya.az xəbər portalının rəhbəri Cəfər Cəfərov çıxış edərək 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə təbrik söylədilər. Natiqlər bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilən Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti, muzeylərin mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisə, hər xalqın milli mənəvi dəyərlərini və adət ənənələrini özündə əks etdirən ən zəngin sərvət olduğunu xüsusi qeyd etdilər.
Tədbirin bədii hissəsində Şəhər 2 saylı, Bədəlan, Qızılavar kənd tam orta məktəbin, Masallı Uşaq-Gənclər İnkişaf Mərkəzin dərnək üzvlərinin ifasında şerlər, rəqslər və səhnəciklər ifa edildi.
Daha sonra Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində rayon ümumtəhsil məktəbləri arasında keçirilən Dekorativ tətbiqi sənət növü üzrə ”Yaradıcı əllər” müsabiqəsi iştirakçıları “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə mükafatlandırıldı.
Tədbirin yekununda iştirakçılar muzeydə ”Yaradıcı əllər” müsabiqəsinə təqdim olunan məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olaraq muzeyə ekskursiya etdilər.

Keçidlər