Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçaladan Masallıya gələn kanalın bərpası və açılışı

20 aprel 2023 | 16:17

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrinin təkmilləşdirilməsi sahəsində apardığı islahatlar Masallıda da uğurla davam etdirilir.

Belə ki, 20 aprel 2023-cü il  Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, hüquq mühafizə orqanları, idarə-müəssisə, təşkilat rəhbərləri, din xadimləri, ziyalılar, ağsaqqallar, fəal ictimaiyyət nümayəndələri, sahibkarlar və media nümayəndələrinin iştirakı ilə 1964-cü ildə istifadəyə verilmiş, lakin 1980-ci ildə torpaq və lil qatından təmizlənməməsi səbəbilə istifadəsi dayandırılmış suötürücü kanalın yenidən istifadəyə verildikdən sonra açılışı baş tutmuşdur.

Neftçala rayonunun “Muğan xolu” adlanan sahəsindən Masallı rayonunun Xırmandalı kəndi ərazisinə qədər uzanan 15 km uzunluğundakı bu kanal 43 ildən sonra qazılaraq, yenidən əhalinin və fermerlərin istifadəsinə verilmişdir. Xırmandalı və qonşu Köçəkli, Həsənli, Əminli, Ərəb kəndlərinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və tütünçülük olduğundan, kanalın istifadəyə yararsız olması onlara uzun illərdir bir sıra problemlər yaradırdı.

Viləşçay Su İstismarı İdarəsi tərəfindən qazılan kanal 600 hektardan çox əkinəyararlı ərazinin suvarılmasını və heyvanların su ehtiyaclarını təmin edəcək.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov çıxış edərək bildirmişdir ki, xüsusilə ölkə başçısının su meliorasiya, kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğı, eyni zamanda əkinçiliyin inkişafı məsələsi bizim ən vacib işimizdir.

Daha sonra Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Karimov çıxış edərək, rayonun digər kəndlərində də, fermerlərə və kənd sakinlərinə dəstək üçün su kanallarının qazılması sahəsində işlərin davam etdirildiyini bildirib.

Görülmüş işlərə görə fermerlər ölkə başçısı cənab İlham Əliyevə və rayon rəhbəri Araz Əhmədova təşəkkürlərini bildirdilər.

Qeyd edək ki, sözügedən kanalın istifadəyə verilməsi Masallı rayonunda kənd təsərrüfatına və məhsul artımına çox böyük təkan verəcəkdir.

Keçidlər