Qalib Azərbaycan Ordusu
Masallıda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nün yaranmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.
İyunun 24-də Masallı Rayon İcra Hakimiyyəti, Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Masallı rayon Komitəsi, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı, Mərkəzi Kitabxana Sistemi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı altında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nün yaranmasının 107-ci ildönümü münasibətilə “Qalib Azərbaycan Ordusu“ mövzusunda tədbir- sərgi keçirilib.
Tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, Birinci Qarabağ, Vətən müharibəsi veteranları, qazilər iştirak edib.
Masallı Tarix-diyarşünaslıq Muzeyində baş tutan tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri açılış nitqi ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını bayram münasibətilə ilə təbrik edərək Silahlı Qüvvələri Gününün təsis edilməsi, Azərbaycanda milli ordu quruculuğunun keçdiyi tarixi inkişaf yolu haqqında geniş məlumat verib.
Sonra RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev bildirdi ki, Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndərin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
1993-cü ildə xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.
Ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir. 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsi 30 ildən artıq düşmən tapdağında olan torpaqların azad edilməsi ilə nəticələndi. 2023-cü il, sentyabrın 20-də keçirilən antiterror əməliyyatı isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına tarixi nailiyyətə imza atdı, Azərbaycan kostitusiya quruluşunu və suverenliyini bərpa etdi, ədalət qələbə çaldı.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının Məsləhətçisi Eldar Kazımov Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlar, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı zəfərin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti haqqında ətraflı çıxış edib.
Daha sonra Əmək Müharibəsi və Silahlı Qüvvələr Veteranlar təşkilatının sədr müavini, ehtiyatda olan baş gizir Ədalət Hüseynov, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Masallı rayon Komitəsinin sədri Vəkil İsmayılov, qazilər Hikmət Salmanzadə, Bəxtiyar Salayev, Mərkəzi Kitabxananın əməkdaşı Günay Xəlilova çıxış edərək bildirdilər ki, ən müasir hərbi texnika ilə təchiz olunan müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün dünyaya öz gücünü nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.
Yekunda tədbir iştirakçıları Masallı Tarix-diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə hazırladığı Silahlı Qüvvələr Gününə həsr olunan sərgi ilə tanış olmuş və tədbir çay süfrəsi arxasında davam etmişdir.






