Şriftin ölçüsü :

Saytın rəngi :

“Qalib Azərbaycanın Qüdrətli Partiyası-Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir

22 fevral 2023 | 20:42

Masallı rayonunda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar “Qalib Azərbaycanın Qüdrətli Partiyası-Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini və şəhidlər kompleksini ziyarət edib, abidə önünə tər- gül dəstələri qoyublar.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının eləcədə partiyanın Masallı rayon təşkilatının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə təbrik etmiş, çıxış edərək xalqımızın böyük oğlu Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb.

Banisi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açan Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası 30 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial  diplomatiyasının uğurudur.

Rayon Ziyalılar Cəmiyyətinin sədri, veteran partiya üzvü Qardaş Fətullayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov, partiya veteranlarından Əfrail Fərziyev, Rafiq Bağırov, partiya fəallarından Mehriban Əzizova, Gülnaz Talıbova, Qoşqar Hətəmov, Arif Mehtiyev və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Tədbirin sonunda Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, təşəkkürnamələr, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Keçidlər