Rayon rəhbəri "Halay" folklor kollektivini qəbul edib
21 may 2022 | 12:16
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının sonuncu günündə səhnəyə ilk olaraq yerli regional folklor qrupları çıxıb. Konsertdə doğma Masallımızın Mahmudavar kənd folklor evinin “Halay” rəqs qrupu da çıxış edib. Tamaşaçılar qarşısında geniş və maraqlı repertuarla çıxış edən 12 nəfərdən ibarət «Halay»çılar da dinləyicilərə yaddaqalan anlar bəxş ediblər. Bu münasibətlə 21 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında RİH başçısı cənab Şahin Məmmədov "Halay" folklor kollektivini görüşə dəvət edib, «Halay»ın uğurlarından söhbət açıb.
Folklor ollektivi ilə görüşdə Şahin Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2021-ci ildə Şuşanı ölkənin mədəniyyət paytaxtı, 2022-ci ili isə “Şuşa ili” elan etməsi hər bir azərbaycanlını sevindirən, qürurlandıran əlamətdar hadisələr olub. -Siz Masallının mədəniyyət fədakarlarısınız, — deyə müraciət edən icra başçısı «Halay» folklor mahnı və rəqs kollektivinin 1956-cı ildə, həvəskar mədəniyyət işçisi Ümbülbanu Cəbiyevanın təşəbbüsü ilə yaradıldığını qeyd edib, kollektivin səyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliğindən danışıb. Vətən bizimdir. Vətəni hamımız qorumalıyıq, müdafiə etməliyik. Ötən il festivalın açılışındakı çıxışında bu mesajın əhəmiyyətini xüsusi vurğulayan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk...
Sonra görüşdə iştirak edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və istedadlı müğənni Miriş Hüseynov ilk dəfə 1989-cu ilin mayında təşkil olunan “Xarıbülbül” festivalının uzun illərdən sonra bərpa edilməklə yanaşı, sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildiyini bildiriblər. Əlbəttə ki, bizim «Halay» ansamblının may ayının 12-dən 14-dək davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalındakı çıxışı qürurvericidir, sevindiricidir. Ansamnblın veteranlar və gənclərdən ibarət 20 üzvü vardır. Onlar daim öz üzərində işləyir, məşqlər keçirir, doğma Azərbaycanımızı dünyaya tanıdırlar. «Halay»çılar dünyanın 40-a yaxın səhnəsində ölkəmizi təmsil etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əlihüseyn Şükürov xəbər verir ki, «Halay»ın bir nümunəsi sayılan, rəhmətlik anası Ümbülbanı xanımın uğurlu yolunu davam etdirən ansablın rəhbəri Natəvan Əliyeva qəhrəman oğullarımızın azad etdiyi sıldırım qayalıqlı, yüksək zirvəli Cıdır düzündə, Şuşa şəhərində ikinci dəfə olduqlarını, oğlu İbrahimin də Vətən müharibəsində fədakar iştirakını, cəbhədə «Masallı rayonu, Mahmudavar kəndi» sözlərini yazdığını bildirib. Ansamblın rəhbəri Masallının rəhbərinə minnətdarlıq bildirib, bundan sonra da rayonun adını uca tutmağa söz verib.
Axırda Masallı şəhərində ucaldılmış “Qəhrəmanlar Parkı - Şəhidlər Abidə Kompleksi”nin «Dəmir yumruq» önündə xatirə şəkli çəkdirilib.