Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib 02.09.2026
02 sentyabr 2026-cı il tarixdə Qəriblər ərazisində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial-iqtisadi inkişafı barədə məlumat vermişdir. O, həmçinin vətəndaş müraciətlərinin yerində dinlənilməsi və operativ həllinin dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirmişdir.
Görüşdə çıxış edən Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Famil Cəfərov bildirmişdir ki, ərazidə keçirilmiş əvvəlki qəbul zamanı 2 vətəndaş tərəfindən 2 məsələ qaldırılmış, məsələlər ilə bağlı vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun izahat verilmişdir.
Qəbul zamanı sakinlər tərəfindən əsasən əhalini narahat edən sosial və şəxsi xarakterli məsələlərlə bağlı müraciətlər edilmiş, məsul əməkdaşlar tərəfindən rayon rəhbərinin tapşırığı əsasında müraciətlər qeydə alınmış və onların həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayon rəhbəri çıxışında bildirib ki, yaşayış məntəqələrinin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdiriləcək. O, sakinləri fəallığa çağıraraq, hər bir müraciətin diqqətlə araşdırılacağını və səlahiyyətləri daxilində həll ediləcəyini vurğulayıb.
Səyyar görüş kənd sakinləri tərəfindən razılıqla qarşılanıb. Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Masallı rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.






