Rayon rəhbəri Qızılağac kənd 1 saylı tam orta məktəbdə
06 dekabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, Başçısının müavini, şöbə müdiri Adəm Məhərrəmov Masallı rayon Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbdə oldular.
Rayon rəhbəri son günlər sosial şəbəkələrdə məktəbin qəzalı vəziyyətdə olması və məktəbdə təhsilin davam etdirilməsinin təhlükəli vəziyyətdə olması ilə bağlı yayılan məlumatları yerində aydınlaşdırmaq üçün məktəbdə olan vəziyyətlə tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin Başçısı, məktəb direktoru Şəhla Fətullayeva və podratçı təşkilatın nümayəndəsi məktəbin bütün sinif otaqlarını gəzmiş və rayon rəhbərinə mövcud vəziyyət barədə məlumat verərək bildirmişlər ki, mətbuatda yayılan məlumatlar tamamilə əsassızdır, məktəbin 2021-ci ilin sentyabr ayında istismara verildiyi və məktəbdə 500 şagirdin təhsil aldığını vurğulamışlar.
Qeyd etmək istərdik ki, Qızılağac kənd Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbin binasının qəzalı vəziyyətdə olması ilə bağlı bir qrup şəxs tərəfindən sosial şəbəkədə, müxtəlif xəbər saytlarında qəza ilə bağlı paylaşılan məlumatlar; məktəb binasında iri çatların yaranması səbəbindən sinif otaqlarının qəzalı vəziyyətdə olması, məktəbin qazanxanasında su borusunun partlaması ilə məktəbin zirzəmisinə suyun dolması, valideynlərin qəza səbəbindən məktəb binasına buraxılmaması ilə bağlı məlumatlar yayılmışdır. Məktəbə baxış zamanı məlum olmuşdur ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.