Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
01 sentyabr 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəliyi və bələdiyyə əməkdaşlarının iştirakı ilə rayonun Türkoba kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ənvər Əliyevin adını daşıyan küçədə aparılan asfalt örtüyünün döşənməsi işləri ilə yerində tanış olub.
Bildirilib ki, küçənin 230 metr uzunluğunda hissəsinə asfalt örtüyü döşənilir. Görülən işlər yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi, kənd sakinlərinin rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması baxımından əhəmiyyət daşıyır.
Rayon rəhbəri görülən işlərlə tanış olaraq asfalt örtüyünün keyfiyyətlə döşənməsi, işlərin müəyyən olunmuş standartlara uyğun aparılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, rayon ərazisində kənddaxili yolların abadlaşdırılması, asfalt örtüyünün yenilənməsi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Sonda rayon rəhbəri şəhid ailəsini ziyarət etmiş qayğıları ilə maraqlanmışdır.






