Rayonun Qızılağac kəndində “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzularında tədbir
Masallı rayonunun Qızılağac kənd 1 və 2 saylı tam orta ümumtəhsil məktəblərində Masallı Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının təşkilatçılığı və Masallı Təhsil sektorunun dəstəyi ilə “Uşaq hüquqları və uşaq əməyinin istismarı” mövzularında tədbirlər keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi- Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Zamin Məmmədov, Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının baş mütəxəssisi İntiqam Bağırov, məktəb rəhbərlikləri, müəllim və şagirdlər iştirak etmişdir.
Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Zamin Məmmədov tədbirləri giriş sözü ilə açaraq beynəlxalq və ölkə qanunvericiliyində təsbit olunmuş uşaq hüquqları, eyni zamanda uşaq əməyinin istismarının formaları və yaranma səbəbləri ilə bağlı müddəalar barədə geniş məlumat vermiş, uşaqların pozulmuş hüquqlarını necə və hansı qurumlar vasitəsilə bərpa edə biləcəklərini izah etmişdir.
Sosial Xidmətlər Agentliyinin Lənkəran-Astara regional filialının baş mütəxəssisi İntiqam Bağırov uşaqların cəmiyyətdə rolu və təhsil hüququnun əhəmiyyəti barədə söhbət aparmışdır.
Sonda bir daha uşaq hüquqlarına dövlət tərəfindən necə həssaslıqla yanaşıldığı, uşaqların pozulmuş hüquqları ilə bağlı məsələlərin dərhal araşdırıldığı, qanunların mütəmadi olaraq təkmilləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.






