Sara Qədimova - 100
26 may 2022 | 18:07
Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti Sara Qədimovanın anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Kitabxananın direktoru Əlhəddin Nəzərov bildirib ki, Azərbaycan xanəndəlik məktəbinin təkrarolunmaz ifaçısı Sara Qədimova öz məftunedici səsi ilə milli musiqi xəzinəsini zənginləşdirən nadir sənətkarlardan olub.
Sonra Kitabxananın əməkdaşı Gülər Piriyeva görkəmli sənətkarın həyat və yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib. Qeyd olunub ki, əslən Ağdamın Abdal-Gülablı kəndindən olan Sara Qədimova əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. İkinci Dünya Müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təccəssümünə çevrilib. O, Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların layiqli davamçısı olaraq ömrünün sonunadək klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimova Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub.