Şəhər 3 nömrəli tam orta məktəbində “Son zəng”
İyunun 14-də Masallı şəhərində, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbir Dövlət himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsilə başlayıb.
Məktəbin direktoru Astan İbişov məzunlara gələcək həyatlarında uğurlar diləyib, şagirdlərin təhsildə, idmanda əldə etdikləri nailiyyətlərdən danışıb.
“Son zəng” münasibətilə onbirinciləri təbrik edən Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində aparılan siyasətindən danışıb. A.Qafarova məzunların həyatında yeni mərhələnin açıldığını deyib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.
Şəhid qardaşları – Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin valideynləri Ziba Əsgərova, Bayram Əsgərov məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onların hər birinin Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə, Vətənin adını dasim uca tutacaqlarına inamlarını bildirərək, bu etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Bu əlamətdar günün məzunların həyatında yaddaqalan bir günə çevrildiyini diqqətə çatdıran sinif rəhbərləri Gülər Rəhimova, Nuranə Abıyeva, Sevda Zeynalova və Gülər İbrahimova şagirdlərinə ən xoş arzu və istəklərini çatdırıblar.
Tədbirdə məktəb rəhbərliyi tərəfindən tədris ili ərzində fərqlənən bir qrup müəllimə Fəxri fərman verilib.
Məktəblilərin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar izlənilib, məktəb həyatına əlvida deyən məzunlar doğma məktəbə və onlara dərs deyən müəllimlərə minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi olaraq “Son zəng” çalınıb.