Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Araz Seyfullayevin doğum günü

26 may 2022 | 17:54

Masallı rayonunda “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi Araz Seyfullayevin doğum günü qeyd olunub.

Tədbir I Qarabağ müharibəsi şəhidi Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli Digah tam orta məktəbində keçirilib.

Anım mərasimində məktəbin müəllim və şagirdləri, şəhid Araz Seyfullayevin ailə üzvləri, eləcə də digər şəhid ailələri,  I və II Qarabağ müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə dövlət himnimiz səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.  

Araz Seyfullayevin qəhrəmanlığından və vətənpərvərliyindən söz açan məktəbin direktor müavini Rahid Məmmədov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev,  “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Masallı rayon filialının sədri Nahid Rəhimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə sektorun əməkdaşı Əyyar Burhanov,  I Qarabağ müharibəsi veteranı Səbuhi Səfərov və başqaları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər Ordumuzun əsgər və zabitlərinin şücaətindən danışaraq, Vətən uğrunda mübarizənin vacibliyini, Araz kimi tarix yazan qəhrəmanlarımızın uyuduqları məkanın bu gün and yerinə, ziyarət məkanına çevrildiyini diqqətə çatdırıblar.

Ölkə başçısının rəhbərliyilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə edən şəhid Araz Seyfullayevin anası Günay xanım, şəhid Cavad İbadovun anası Rəsmiyyə xanım, şəhid Elmir Akifzadənin anası İlhamə xanım tədbirin təşkilatçılarına minnətdarlıqlarını, Qarabağı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən övladları ilə qürur duyduqlarını bildiriblər.

Şəhidin təhsil aldığı məktəbin şagirdləri Araza və digər qəhrəmanlarımıza həsr edilmiş vətənpərvər şeirlər və nəğmələr səsləndirib, ədəbi-bədii kompozisiya (çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasovun rəhbərliyilə) nümayiş etdiriblər.
Sonda şəhidin məzarı ziyarət edilərək üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. 2019-cu ilin iyulunda çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu il oktyabrın əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılıb.
A.Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edib. Oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
Respublika Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər