Şəhid Bəyalı Məmmədovun ailəsi evlə təmin olundu
14 dekabr 2022-ci il tarixdə Masallı rayonunun Böyük Xocavar kəndində Birinci Qarabağ şəhidi Bəyalı İlyas oğlu Məmmədovun ailəsi üçün tikilmiş yeni ev təqdim edilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov şəhid Bəyalı İlyas oğlu Məmmədovun ailəsi üçün inşa edilmiş evlə bağlı əməyi olan bütün xeyriyyəçi insanlara təşəkkür etmişdir.
Rayon rəhbəri bildirmişdir ki, Şəhidlər Vətən uğrunda, torpaq uğrunda canından keçər və xatirələri hər zaman əziz tutular. İndi güclü Ordumuz və ordumuzun Ali Baş Komandanı var. Cənab İlham Əliyevin hərbi sahədə apardığı işlər əvəzsizdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail olmuş, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyein bütün respublikamızda olduğu kimi Masallı rayonunda da Qarabağ şəhidlərinə diqqət və qayğısından danışmış, Ali Baş Komandana və rayon rəhbərinə minnətdarlıq bildirmişlər.
Sonra şəhid ailələrinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi mərasimdə Masallı RİH başçısı Araz Əhmədov təzə evə baxış keçirmişdir. Otaqlar yaşayış üçün lazım olan bütün avadanlıqlarla təchiz olunmuş, çatışmayan ev əşyalarının da yaxın günlərdə şəhid ailəsinə çatdırılması nəzərdə tutulmuşdur.
Şəhidin ailəsi adından qardaşı Vüsal Məmmədov və anası danışaraq qeyd etmişlər ki, təzə ev bizim əzizlərə, ana-balaya yaxşı töhfədir. Onlar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, rayon rəhbərinə ailələrinə göstərdikləri diqqət və qayğıya görə bir daha minnətdarlıq bildirmişlər.
Sonda kənd məscidində şəhid Bəyalı Məmmədovun ruhuna dualar oxunmuşdur.
Qeyd etmək istərdik ki, Bəyalı İlyas oğlu Məmmədov 1972-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi igidlik göstərmişdir. 1992-ci il avqustun 13-də Ağdərənin Metişen kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Hal-hazırda Masallı rayon Böyük Xocavar kənd tam orta məktəbi şəhid Bəyalı Məmmədov adını daşıyır...