Şəhid əsgər Elməddin Nəzərovun anım mərasimi
17 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Binə Xocavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elməddin İsmayıl oğlu Nəzərovun anım mərasimi keçirilmişdir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.
Mərasimdə Azərbaycan və Türkiyə dövlətinin bayraqları, Masallıdan olan Vətən şəhidlərinin portretləri asılmışdır.
Araz Əhmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, beynəlxalq aləmdə bizə dost, dəstək və düşmən kimi özünü göstərən ölkələr haqqında danışaraq bütün vətəndaşları ayıq-sayıq olmağa çağırmış, Qələbədən sonra bizi kədərləndirən, bizi qəmləndirən qonşu İran İslam Respublikasının dövlətimizə pis mövqedə olduğunu açıqlamışdır.
İcra başçısı üzünü şəhid valideynlərinə tutaraq şəhidliyin uca məqam olduğunu dilə gətirmiş, şəhid valideynləri ilə qürur duyduğunu bildirərək, şəhidliyin gənclərin tərbiyəsində vacib olduğunu qeyd etmişdir: - Biz ölkə Prezidentimizin ətrafında sıx birləşməliyik, xarici və daxili siyasətini hamılıqla dəstəkləməli, heç bir təhrikə uymamalı, Vətən məhəbbəti, Vətən eşqi, Vətən sevgisi şəhidlərimizin ruhuna olan hörmətimiz bizi həmişə düz yola aparmalıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Prezidentimizi, ailəsini, xalqımızı, Masallımızı, masallıları qorusun. Allah bayrağımızı həmişə uca eləsin. Yaşasın Azərbaycan! — deyə Masallı RİH başçısı A.Əhmədov nitqini yekunlaşdırmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Elməddin İsmayıl oğlu Nəzərovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsinin «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medallı Elməddin Nəzərovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etmişdir.