Şəhid Masim Qurbanovun şəhadətinin 5-ci ildönümü anıldı
10 yanvar 2026-cı il tarixində Masallı rayonunun Ərəb kəndində Vətən müharibəsi şəhidi Qurbanov Masim Hafiz oğlunun şəhadətinin 5-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, İctimai-siyasi və humanitar məsələlər sektonun müdiri Abbas Abbaszadə, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir çərçivəsində şəhid Masim Qurbanovun məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülmüş, onun əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. Din xadimləri tərəfindən şəhidin ruhuna Qurani-Kərimdən ayələr oxunmuş, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinə dualar edilmişdir.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq, onların keçdiyi şərəfli döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğı siyasətinin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanmışdır.
Anım mərasimində iştirak edən şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etmişlər.






