Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi reallaşdırılıb

09 may 2023 | 10:37

Masallı rayonunda “Bilimdən Zəfərə” layihəsi reallaşdırılıb. Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihə “YAŞAT” Fondunun, “ASAN xidmət”in, “İnnovasiyalar Mərkəzi”nin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə keçirilib.

Məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaq, elmi hadisələrin təcrübədə necə işlədiyini müşahidə etmələrinə imkan yaratmaqdır. Eləcə də onların istirahət günlərinin səmərəli təşkili və dostluq əlaqələrinin möhkəmləndirilməsi əsas hədəflərdir.

Şəhidlərimizin 6-14 yaş aralığındakı övladlarını əhatə edən layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, proseslərin vizual izahı üçün müşahidələr və təcrübələr aparılıb. Həmçinin maarifləndirici, intellektual oyunlar reallaşdırıb, “Bilim şou” nümayiş etdirilib.

Tədbir müddətində uşaq, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və şüarlar səsləndirilib, tamaşa nümayiş etdirilib.

Region əhalisi üçün “İnnovasiyalar Mərkəzi” tərəfindən Ulu Öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr təşkil olunub.

Sonda iştirakçılara təşəkkürnamələr verilib. “OBA” marketlər şəbəkəsi tərəfindən həm iştirakçılara, həm də müsabiqə qaliblərinə hədiyyələr təqdim olunub.

Növbəti bu cür regional tədbirin mayın 13-də Tovuz rayonunda keçirilməsi nəzərdə tutulur.

Tədbirin baş sponsoru “PAŞA Holding”, sponsor: “OBA” marketlər şəbəkəsi, “Şaurma N1”, media dəstəyi “ASAN Radio”dur

Keçidlər