Şəhid Səməndər İsgəndərovun anım mərasimi
12 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Sərçuvar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Səməndər Vahid oğlu İsgəndərovun anım mərasimi keçirilib.
Əvvəlcə Araz Əhmədov və rayon rəsmiləri Masallının Sərçuvar kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksini ziyarət etmiş və üzərinə təzə güllər düzmüşlər.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şəhər sakinləri və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin şəhid əsgəri Səməndər Vahid oğlu İsgəndərovun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsinin şəhid əsgəri, "Vətən uğrunda", "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallı Səməndər İsgəndərovun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.