“Sülh və birgəyaşayışın əsas şərtləri” başlığı altında tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Sülh aylığı” çərçivəsində “Sülh və birgəyaşayışın əsas şərtləri” başlığı altında tədbir keçirildi. Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional İdarənin Masallı bölməsinin nümayəndəliyi, Ombudsmanın Cənub Regional Mərkəzi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsi, Lənkəran-Astata Regional Gənclər və İdman İdarəsinin Masallı rayon üzrə sektorunun birgə təşkilatçılığı ilə muzeydə keçirilən tədbirdə təşkilatçı idarələrin nümayəndələr, mədəniyyət işçiləri və gənclər iştirak etdi.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva BMT- nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə 21 sentyabrın dünyada “Sülh Günü”, 21 avqust – 21sentyabrın isə ölkəmizdə “Sülh aylığı kimi qeyd olunması, sülhün dünyada və ölkəmizdə gələcəyin daha mükəmməl qurulması əhəmiyyətindən geniş danışdı.
Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı Bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran- Astara Regional İdarənin Masallı bölməsi üzrə nümayəndəsi Orxan Əliyev çıxış etdilər. Çıxışlar zamanı qeyd edilib ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür. Sülh aylığı çərçivəsində ölkəmizdə uğurla həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının layiqincə qorunmasına xidmət edir. Ölkəmizdə bütün rəsmi dini qurumların sülh və sabitliyin qorunmasında, vicdan, eyni zamanda dini etiqad azadlığının təmin olunması çərçivəsində fəaliyyət göstərdiyi vurğulandı. Həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi qələbə sayəsində regionda davamlı sülhün bərqərar olması da diqqətə çatdırılıb.