“Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə
Aprelin 18-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Dövlət Regional Kollecinin bir qrup tələbələrinə “Tarixi abidələrimizə qarşı erməni vandalizmi” mövzusunda mühazirə deyilib.
Mühazirə “18 Aprel – Tarixi abidələrin mühafizəsi Günü” ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva tarixi, mədəni, memarlıq abidələrinin və müqəddəs dini inanc yerlərimiz olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələrinin erməni vandalizminin qurbanına çevrildiyi barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilib. Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülcahan Vəkilzadə də həmçinin, şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşünün doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizin də erməni vandallarından xilas edildiyini diqqətə çatdırıb.