“Ünsiyyət və münasibətdə qayğıya ehtiyacı olanlar” mövzusunda tədbir
Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Sosial Xidmətlər Agentliyi PHŞ-nin Lənkəran -Astara regional filialın Masallı bölməsi, Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Ünsiyyət və münasibətdə qayğıya ehtiyacı olanlar” mövzusunda tədbir keçirildi. Muzeydə keçirilən tədbirdə təşkilatçı müəssisənin əməkdaşları, Masallı Xəbərləri saytının rəhbəri Rauf Cəbiyev, ASAN Xidmət könüllüləri və mədəniyyət işçiləri iştirak etdilər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva, Sosial Xidmətlər Agentliyi PHŞ-nin Lənkəran-Astara regional filialın Masallı bölməsinin rəhbəri Şahin Məmmədov, Masallı rayon Əlil Qadınlar Cəmiyyətinin şöbə sədri Əminə Abıyeva, Masallı Xəbərləri (MİP) saytının rəhbəri Rauf Cəbiyev, Masallı Dövlət Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov sağlamlıq imkanları məhdud, fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıqlarına uyğun işlə təmin edilməsinə şəraitin yaradılması, fərd olaraq onların hər birinin normal həyat qurub cəmiyyətin ayrılmaz bir hissəsi olmalarından ötrü görülə bilinəcək işlərdən danışdılar. Natiqlər fiziki məhdudiyyətli şəxslərə dövlət tərəfindən müvafiq sürətdə göstərilən qayğı və diqqətdən geniş danışaraq, onların fitri istedadlarına bizlərin ehtiyacımız olduğunu xüsusi qeyd etdilər.
Tədbirin təşkilatçıları tərəfindən bir neçə fiziki məhdudiyyətli, yaradıcı şəxs “Təşəkkürnamə” ilə təltif olundu.
Yekunda tədbir iştirakçıları muzey ekskursiya edərək, xatirə şəkilləri çəkdilər.