Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar dünyanın sevincidir

01 iyun 2023 | 20:15

İyun ayının 1-də Masallı rayon Mərkəzi Kitabxanasında 1iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyev və torpaqlarımızın işğaldan azad olunması uğunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Tədbiri açıq elan edən kitabxananın direktor əvəzi Zamin Məmmədov uşaqları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə təbrik edib. O, tədbir iştirakçılarına uşaqların hüquqlarının qorunması məqsədilə dünya miqyasında qeyd edilən bu əlamətdar günün təsis olunma tarixi və məqsədi barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycanda dövlət rəhbərliyi səviyyəsində uşaqların sağlam və firavan yaşaması,  ailə və cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir.

 Tədbirdə İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbin IV sinif şagirdləri  öz bacarıqlarını nümayiş edərək, “Lalələr” mahnısının sədaları altında rəqs ediblər. 2 saylı orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. 3 saylı uşaq bağçası-körpələr evindən gələn balacalar “Azərbaycan” mahnısının müşaiyəti ilə rəqs edib əyləniblər. Sonra uşaqlar birlikdə “Biz Heydər nəvələriyik” mahnısını ifa ediblər.Tədbirin sonunda uşaqlar birlikdə xatirə şəkli çəkdirib, onlara müxtəlif hədiyyələr təqdim olunub.

Keçidlər