Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı doğum günündə anıldı

16 avqust 2024 | 16:36

Masallıda Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri, “Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin doğum günü anılıb.

Rayonun Viləş kəndində olan şəhidin evində baş tutan  tədbirdə  Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov və aparatı, hüquq mühafizə orqanları, idarə-müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, media mənsubları iştirak ediblər.

Anım tədbirində Vətən yolunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şəhidlərə daim ehtiram göstərildiyini bildirən rayon rəhbəri ölməz qəhrəmanın həyat yollarının  gələcək nəsillərə örnək olduğunu söyləyib.

            Çıxış edənlər Vətən yolunda şərəfli ölümü bütün Azərbaycan xalqına baş ucalığı gətirən şəhid İntiqam Əsgərlinin əbədiyaşar  həyatı və döyüş yolundan danışıblar.

İntiqam  Əsgərli 1990-cı il avqustun 16-da Masallı rayonunun Viləş kəndində dünyaya göz açıb. Vətəninə, yurduna sonsuz məhəbbətlə  boya-başa çatan elin sevimli oğlu orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirib Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu mükəmməl  başa vurub.  Aprel döyüşlərində hərbi əməliyyatlar zamanı İntiqam Əsgərli özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. İntiqam Əsgərli onu özü döyüş meydanından çıxardıb. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri İntiqam Əsgərli 44 günlük Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına  əbədiyyətə qovuşub.

Vətənini canından əziz tutan  ölməz igidimiz İntiqam  Əsgərli  ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. "Vətən uğrunda", "Cəsur döyüşçü", Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığına  görə medalları ilə təltif olunub. Şəhər 3 saylı məktəb, mərkəzi küçələrdən biri onun adını daşıyır. Nur adlı qızı, İntiqam adlı oğlu yadigar qalıb.

Şəhidlərin valideynləri Ziba xanım, Bayram kişi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədova və bütün qonaqlara minnətdarlıq edərək qeyd etmişlər ki, Azərbaycan xalqının tarixinə qeyrət, hünər səhifəsi kimi yazılan Vətən müharibəsi müqəddəs Qarabağı bizə qaytardı. Bu haqq savaşımızda iki oğlumuz şəhid oldu.  Torpaq  uğrunda ölən varsa, Vətəndir. Bütün qəhrəmanlar xalqın fəxridir. Bizim oğullar da belə...

Keçidlər