“Xocalı - qan yaddaşımız” mövzusunda tarix dərsi
Fevralın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümü ilə əlaqədar olaraq Ərkivan qəsəbə 3 saylı tam orta məktəbində “Xocalı-qan yaddaşımız” mövzusunda tarix dərsi keçirildi. Tədbirdə məktəbin müəllim və şagirdləri iştirak etdi.
Əvvəlcə soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Soyqırıma həsr edilən tarix dərsini ilk çıxışı ilə açan məktəbin direktoru Rahib Babayev və muzeyin direktoru Əntiqə Tağıyeva 200 il müddət ərzində bədnam qonşularımız olan ermənilərin yürütdükləri məkrli əməllərdən və onların xalqımızın başına gətirdiyi faciələrdən geniş danışdılar.
Muzeyin əməkdaşı Sevinc Əliyeva mövzu ilə bağlı məruzə etdi.
Sonra məktəbin direktor müavini Bəsirə Cəlilova şagirdlərə çəkdiyimiz əzab və əziyyətlərdən düzgün nəticə çıxararaq dövlətimizin daha güclü olması üçün gənclərimizə tövsiyələr vermiş oldu.
Daha sonra Xocalı soyqırımı hadisələri ilə bağlı şagirdlərə müxtəlif suallar verilərək ,onların fikirləri dinlənildi.