Yazıçı Salam Qədirzadənin 100 illiyi
Masallı rayon Mərkəzi Kitabxanasında yazıçı, dramaturq Salam Qədirzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirə başlamazdan öncə Ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verərək, onun hələ uşaq illərindən ədəbiyyata həvəsi olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, S. Qədirzadə kiçik yaşlarından şeir və hekayələr yazıb, ədəbi dərnəklərdə iştirak edib. O, orta məktəbi bitirdikdən sonra könüllü şəkildə Böyük Vətən Müharibəsində iştirak edib və döyüşlərdə göstərdiyi şücaətə görə bir çox orden və medallarla təltif edilib. Odlu-alovlu müharibə illəri yazıçının qələmə aldığı bir sıra əsərlərində öz əksini tapmışdır.
Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzə ilə çıxış edib. O, çıxışında bildirib ki, görkəmli yazıçı Azərbaycan Radiosunda, “Azərbaycan” jurnalında və “Kirpi” satirik jurnalında bir çox məsul vəzifələrdə çalışıb. S. Qədirzadə Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi kimi çalışıb, İttifaqın İdarə Heyətinə üzv seçilib. Onun qələmə aldığı satirik əsərlər müasir Azərbaycan ədəbiyyatında yeni məktəbin bünövrəsini qoyub. Yazıçının “46 bənövşə”, “Qış gecəsi”, “Sevdasız aylar”, “Kəndimizdə bir gözəl var” romanları gənclərin masaüstü əsərinə çevrilib. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” komediyaları indi də gündəmdədir.