Yeyənkənd kəndində şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisinə başlanılmışdır
Masallı rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Belə ki, ötən dövr ərzində Masallı rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 5 şəhid ailəsi üçün fərdi yaşayış evi tikilərək təhvil verilmişdir.
Bunun davamı olaraq Masallı rayonunun Yeyənkənd kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Ərzuman Əlizamin oğlu İsmayılovun ailəsinin yaşadığı evin qəzalı vəziyyətdə olduğunu və şəhid anası Xəmmədova Gülsüm Göyüş qızının şifahi müraciətini nəzərə alaraq şəhid ailəsinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Masallı Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və təşkilatçılığı ilə ümumi sahəsi 72 kv.metr ölçüdə 1 mərtəbədən ibarət fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.
Belə ki, artıq evin təməli qazılaraq beton tökülmüş və təməl bərkitmə işləri aparılmışdır.
Bu münasibətlə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov evin tikintisi ilə bağlı işin gedişi barədə yerində maraqlanmış və tapşırıqlarını vermişdir.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya, eyni zamanda evin tikintisindən ötrü Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Qeyd etmək istərdik ki, Masallı rayon Yeyənkənd kənd tam orta məktəbi şəhid İsmayılov Ərzuman Əlizamin oğlunun adını daşıyır və Yeyənkənd ərazisinin Abasbəyli kəndində mərkəzi küçələrdən biri şəhidin adına verilmişdir.