Şriftin ölçüsü :

Saytın rəngi :

Zaur Əliyev Masallı və Yardımlı rayon sakinlərini qəbul edib

24 oktyabr 2022 | 08:14

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Masallı Rayon Mərkəzi Xəstəxanasında Masallı və Yardımlı rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun, Masallı və Yardımlı rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 34 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, agentliyin idarə heyətinin sədri Masallı Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunan 15 nəfər Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü ilə görüşüb.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. azertag.az

Keçidlər