Cəbrayıl Baloğlan oğlu Qasımov
1996-cı il iyulun 19-da Masallı rayonunun Ərəb kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb . Cəbrayıl Qasımov oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Şəhidin anası Fatimə Qasımova deyir: “Cəbrayıl əsgərlikdən gələndən sonra iyul hadisələri oldu. Polad Həşimovun, Anar Novruzovun ölümündən sonra özü dedi ki, ana məndə gedirəm müharibəyə. Mən həqiqətən yalvardım ki, Cəbrayıl sən bir dənə balasan, iki ildir nişanlısan, məni peşman etmə. Ana, bəs Vətəni kim qoruyacaq? Mən gedəcəyəm, əgər qismətimdə şəhidlik varsa şəhid olaram, olmaramsa sağ-salamat qayıdaram”.
Şəhid atası Baloğlan Qasımov deyib: “Mənə qismət olmadı bu qələbəni qazanmaq, torpaqları azad etmək. 30 il üstündən keçdikdən sonra bu qələbəni qazanmaq övladıma qismət oldu. Oğlum şəhidlərimizin və qazilərimizin qisasını aldı. Sonraki illərdə və 44 günlük müharibədə şəhid olan silahdaşlarının qanını yerdə qoymadı. Xocalının, Laçının, Şuşanın qisası alındı. Bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Onlar bizim başımızı uca etdi”.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.