Şriftin ölçüsü :

Saytın rəngi :

Vüsal Balarəzi oğlu Hadıyev

18 oktyabr 2000-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Vüsal körpə yaşlarındaykən ailəsi Masallı şəhərinə köçüb. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alıb. Məktəb illərində idmanın cüdo növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub.

2019-cu ilin oktyabr ayında Vüsal həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Hadıyev Vətən Müharibəsinin başlandığı ilk günlərdən etibarən döyüşlərdə iştirak edib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. Vüsal Hadıyev 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda döyüşlərdə şəhid olub. 20 yaşlı şəhid əsgərin cənazəsi 22 oktyabr 2020-ci ildə Masallı şəhərinə gətirilib və şəhər məzarlığında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Hadıyev ölümündən sonra " Vətən uğrunda" medalı, Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Keçidlər