Əlisa Arif oğlu Əliyev
2000-ci il yanvarın 8-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətə yollanan Əlisa xidmətini yenicə bitirmişdi ki, Vətən müharibəsi başlandı. Vətənini, xalqını canı qədər sevən igid əsgər 2020-ci il sentyabrın 29-da müharibəyə könüllü yollandı. Bir çox hərbi əməliyyatlarda iştirak edərək, Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd və Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şücaətlə vuruşdu. Ötən il noyabrın 6-da Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən yaxınlığına düşən düşmən mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid oldu. İndi Əlisanın valideynləri övladlarının igidliyi və şəhidliyi ilə qürur duyurlar.
Şəhidin atası Arif Əliyev ki, oğlu torpaqlarımızın azad olunması istəyi ilə alışıb-yanırdı. “Əlisa deyirdi ki, “müharibə başlasın torpaqlarımızı düşmən tapdağından azad edək. Bu, bizim qanımız bahasına da olsa həyata keçəcək”. Mən oğlumla fəxr edirəm. Bizi arzumuza çatdırdı. İndi Vətənimiz qalib bir ölkədir”.
Şəhidin anası Leyla Əliyeva da oğlu ilə qürur duyur. “Mən fəxr edirəm ki, belə oğlum olub. O, həm də Vətənin övladıdır. Mənə həmişə deyərdi ki, “mənim iki anam var: biri Vətən, biri də sən”, - deyə Leyla Əliyeva bildirib.
Bu gün şəhid övladları cismən yanlarında olmasa da, müharibədə göstərdiyi qəhrəmanlıq hekayələrini dinləyəndə, həmçinin ondan geriyə qalan şəxsi əşyalarından ibarət olan xatirə dolu otağa daxil olanda cəsur, vətənpərvər Əlisanın ürəklərdə yaşadığı hiss olunur.
Şəhidin qardaşı Amid Əliyev bildirib ki, Əlisa hər kəslə mehriban idi. Hər zaman qardaşına arxa-dayaq olub: “Qardaşımla fəxr edirəm. Vətən sağ olsun! Bütün şəhidlərimizin qarşısında baş əyirəm”.
Şəhidin bacısı Əfsanə Manafova isə qardaşının döyüşdüyü yerlərə - Cəbrayıla, Şuşaya, digər azad olunan torpaqlara səfər etmək istəyir. İstəyir ki, Əlisanın ayağının dəydiyi o yerlərdə qardaşının qəhrəmanlığından hər kəsə ağız dolusu danışsın. “Həmin torpaqlar müqəddəs ərazilərdir. Şəhidlərimizin qanları ilə suvarılıb. O yerləri ziyarət etmək istəyirəm. Onun gəzdiyi, vuruşduğu torpaqları görmək arzumdur. Mən qardaşımla fəxr edirəm. Ruhu şad olsun”, - deyə şəhid bacısı əlavə edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlisa Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.