Şriftin ölçüsü :

Saytın rəngi :

İntiqam Bayram oğlu Əsgərli

16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olub.1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Türkiyədə kəşfiyyat kursunu bitirib və bu sahənin incəliklərini öyrənib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib.Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarıb və bir gün intiqamını alacağına söz verib.

Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı. Şəhid İntiqam Bayram oğlu Əsgərlinin nəşi doğma kəndində torpağa tapşırıldı. Ailəli idi, Nur adlı bir övladı Vətənə yadigar qaldı. Həyat yoldaşı bir neçə aydan sonra dünyaya gətirəcək ikinci övladına atasının —  Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adını verəcək.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Masallı rayonunun Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra "Vətən uğrunda","Vətən Müharibəsi Qəhrəmanı" və" Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır..

Keçidlər